“Partadan iş masasına” adlı layihənin ilkin təqdimatı
4 oktyabr 2021-ci il tarixində 82 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi “Partadan iş masasına” adlı layihənin ilkin təqdimatı oldu.

Təqdimatda məktəbin rəhbər heyəti, müəllim kollektivi və məktəb psixoloqu iştirak edirdi. Görüşü giriş sözü ilə açan məktəbin direktoru və layihə müəllifi Leyla Fətiyeva “Partadan iş masasına” layihəsinin məktəb üçün əhəmiyyətindən, şagirdlər üçün faydalılığından danışdı.

Daha sonra Leyla xanım sözü layihə üçün Türkiyənin Trabzon universitetindən dəvət edilmiş məşhur psixoloq, dosent.dr Mehmet Palancıya verdi. Dos.dr Mehmet Palancı layihənin məqsədi, faydalılığı, şagirdlərdə doğru ixtisas seçiminin həyati əhəmiyyəti barədə görüş iştirakçılarını məlumatlandırdı.

Həmçinin 5 aylıq layihə müddətində Mizac (Enneagram) modeli əsasında hazırlanmış testlərin tətbiqi və prosesin gedişatı barəsində məlumat verildi.Görüşda məktəbin 9-10-cu siniflərində tədris edən 65 müəllim və məktəbin psixoloqu iştirak edirdi.

Onu da qeyd edək ki, layihə müddətində şagirdlərin bacarıqları, xarakterinə uyğun doğru ixtisas seçimi etməkdə onlara yol xəritəsi veriləcək. Şagirdləri doğru peşə seçiminə yönləndirmək üçün həm şagirdlərin özü, həm də həmin siniflərdə tədris edən müəllim heyəti və valideynləri test ediləcək. Bu layihə çərçivəsində təxmini 180 parametr ölçülərək dəqiq həllər ortaya qoyulacaq. Həmçinin bu 180 göstərici dəqiq indikatorlar və performans göstəriciləri kimi məktəbin gələcək inkişafı üçün önəmli resursa çevriləcək.