Image Description

“Partadan iş masasına” adlı layihə çərçivəsində valideynlərlə görüş

30 oktyabr 2021-ci il tarixində 82 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi “Partadan iş masasına” adlı layihə çərçivəsində II görüş keçirildi.

Görüşdə, Azərbaycan Təhsil İnstitutundan ekspertlər, layihə müddətində 82 nömrəli məktəbin əməkdaşlıq etdiyi Strateji Araşdırma Qiymətləndirmə və İnkişaf Mərkəzinin nümayəndələri, məktəbin müəllim heyəti, valideynlər və məktəbin psixoloqu daxil olmaqla 200 nəfərə yaxın şəxs iştirak edirdi.

Tədbir layihənin gedişinə uyğun olaraq 9-cu və 10-cu sinifdə oxuyan şagirdlərin valideynlərinə layihənin əhəmiyyəti və keçiriləcək testlərin faydaları haqqında onları məlumatlandırmaq məqsədi daşıyırdı. Xüsusən layihə üçün Türkiyənin Trabzon universitetindən dəvət edilmiş məşhur psixoloq, dosent.dr Mehmet Palancı valideynlərə doğru peşə seçiminin məktəb üçün, şagird üçün, valideyn üçün və bütünlüklə cəmiyyət üçün əhəmiyyətindən danışdı. Mehmet Palancı bildirdi ki, bu layihənin məqsədi yeni təcrübələrlə karyera seçiminə kömək etməklə şagirdin ixtisas, ünsiyyət, bacarıq və peşə inkişafına təsirlərini göstərməkdir. Əksər hallarda şagirdin karyera seçiminə məktəb müəllimləri, valideynlər, şagirdin yaxın ətrafı dəstək göstərməyə çalışır.Lakin, peşə seçimi individual yanaşma olduğundan həmin şagirdi də, fərd olaraq ayrılıqda daha dərindən öyrənmək lazım gəlir.Düzgün peşə seçiminə birbaşa olaraq şagirdin xarakteri, davranışları, vərdişləri, yanaşmaları təsir göstərir.Məhz bu səbəblərdən şagirdlər haqqında daha dərindən məlumatların əldə edilməsi üçün əlavə köməkçi resurslara ehtiyac duyulur.

Lakin hazırki vəziyyətdə məktəblər bu resurslara birbaşa sahib deyil. Məktəbdə şagirdin psixoloji göstəricilərini müəyyən etmək üçün müxtəlif vasitələrdən istifadə oluna bilir. Bunlara müəllim və məktəb psixoloqları tərəfindən aparılan müxtəlif psixoloji testlər, sorğuları göstərmək olar. Lakin avtomatlaşdırılmış sistemin olmaması əldə olan dataların müqayisəsi üçün ciddi boşluqlar yaradır. Eyni zamanda bir çox istiqamətli diaqnostika işləri aparmaq mümkün olmur. Bu layihə çərçivəsində təklif olunan həll yolları bu problemlərin qarşısının alınmasına hədəflənib.Tədbir zamanı müxtəlif mövzulara toxunuldu.

Test nəticələrinin valideynlərin qadın və kişi peşə ayrı seçkiliyi edib uşaqların seçimlərinə qarşı çıxdıqları, gender bərabərliyini pozan stereotiplərin qırılmasına kömək edəcəyi vurğulandı. Bu testlərdən keçən şagird bacarığına, xarakterinə görə doğu peşəyə yönləndirilmiş olur. İştirakçılar övladlarının karyera seçimində səriştəsizliyin qarşısını almaq, valideyn, qohum, bacı-qardaş təsiri ilə arzuladığı peşə seçimi edə bilməyən şagirdlər, həmçinin, cəmiyyətin təsirindən qurtarıb, öz bacarıq və xarakterlərinə uyğun doğru karyera seçimin edə biləcəkləri haqqında geniş məlumatlandırıldılar .

Dos.Mehmet Palancı vurğuladı ki, şagirdlərin karyera seçimində ailə gözləntiləri, dəyərlər, inanclar deyil, şagirdin xarakteri, dünyagörüşü, özünü harada görməsi, hansı peşədə daha məhsuldar və faydalı ola biləcəyi keyfiyyətlər nəzərə alınır. Nəticədə şagirdlərə karyera seçimi kimi məsuliyyətli və həyatı əhəmiyyətli qərar verməkdə köməklik etmiş və doğru yol göstərmiş olacağıq. Layihə çərçivəsində təxmini 180 parametr ölçülərək dəqiq həllər ortaya qoyulacaq. Şagirdlərin mizacı (xarakter göstəriciləri) və xarakterinə uyğun olaraq güclü və zəif cəhətləri, həmşinin üstün zəkalı şagirdlər müəyyən ediləcək. Hər bir şagirdə fərdi yanaşma qaydaları müəyyənləşdirilib, şagirdin davranışları, öyrənmə bacarıqları ilə bağlı valideynlərin və müəllimlərin üzərinə düşən məsuliyyət təyin ediləcəkdir.Doğru peşə seçimi ilə şagird əsas karyera məqsədlərini müəyyən edir, müasir iş axtarma və müraciət üsullarından istifadə etməyi bacarır.

Paralel olaraq karyera inkişafı üçün lazım olan məlumatlara yiyələnərək gələcəyə yönəlmiş karyera planı qurur, təhsilini başa vurduqdan sonra iş axtarma, işə qəbul üsul və mərhələlərinə bələd olur. Çünki, şəxs üçün uyğun karyera seçimi etmək bir insanın iş və ictimai həyatda uğurlu, özgüvənli və xoşbəxt həyat yaşamasına şərait yaradacaq.Mehmet Palancı ən vacib məsələlərdən biri peşənin tələb etdiyi şəxsiyyət tipi ilə tələblərin karyera dəyərləri arasında oxşar və fərqli cəhətləri araşdırmaq olduğunu vurğuladı. Yəni bu şəxsiyyət tipindəki şagird seçdiyi peşədə nə qədər uğurlu ola bilər. Bu baxımdan biz şagirdin maraqlarını, xarakterini, gözləntilərini, seçdiyi peşədə davamlılığını, qabiliyyətlərini nəzərə alaraq ona ən doğru seçimi etməkdə kömək edəcəyik. Sonda valideynləri, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və məktəbin psixoloqu, valideynlər layihəyə münasibətlərini bildirdilər.